“Könüllülər Yurdu - Azərbaycan” layihəsi başladı!

10 avqust 2017-ci il tarixdə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılıği ilə Respublikanın 24 şəhər və rayonunu əhatə edəcək “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verilib. Ölkənin 24 rayonunu əhatə edəcək “Könüllülər Yurdu-Azərbaycan” layihəsinin məqsədi gənclərimizin maarifləndirilməsi, onların şəxsi inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi, könüllülük hərəkatının daha da genişləndirilməsidir. Bakıda başlayan layihə, avqustun 25-də Qəbələdə başa çatacaq. Layihə çərçivəsində könüllülər tərəfindən “Yol Hərəkəti Qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”,“Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyalar keçiriləcək. Tədbirlərdə 1000 nəfərdən artıq gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 min nəfərdən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Könüllülər Yurdu - Azərbaycan” ilk dəfə 2015-ci ildə keçirilib.