“Gənc Sahibkarlar üçün dövlət xidmətləri” adlı layihə gerçəkləşdi

AKGT , ASANYOUTH , DVC , YOUTHINC

DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) ASAN Könüllüləri Gənclər Təşkilatı ilə birgə “Gənc Sahibkarlar üçün dövlət xidmətləri” adlı seminar və məlumat turu təşkil edir. Seminar 14 mart 2015-ci il tarixində 1 saylı Bakı "ASAN xidmət" mərkəzində keçiriləcək.

Seminar çərçivəsində iştirakçılar kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyat proseduru haqqında ətraflı məlumat əldə edəcək, sahibkarlıq fəaliyyəti ilə bağlı olan cari dövlət rüsumları və vergiləri ilə tanış olacaqlar. Həmçinin iştirakçılar əhaliyə, xüsusilə sahibkarlara göstərilən xidmətlərin qaydası ilə tanış ola biləcəklər.

Seminarın vəzifəsi gənc sahibkarların və şəxsi biznesin açılmasında maraqlı olan şəxslərin maarifləndirilməsidir. Bununla bərabər əsas məqsəd isə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq, gənc sahibkarlıq fəallığının stimullaşdırılması və nəticə kimi yeni iş yerlərinin açılmasına köməklik etməkdir.

Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən keçiriləcək. Seminarın yekununda bütün iştirakçılara sertifikatlar veriləcək.

Qeyd edək ki, “Youth Inc.” Proqramı 2013-cü ildən başlayaraq DVC, “Coca-Cola” şirkəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir. Proqram çərçivəsində 2 mindən çox gəncə təlim keçirilib, 8 yeni şirkətin qurulmasına dəstək olunub və 3 şirkətə investisiya yatırılıb. Proqramın məqsədi Azərbaycanda biznes-inkubasiya üsullarının istifadəsi ilə gənc sahibkarlığa dəstək olmaqdır.

(c) AZƏRTAC, Baku Post