ASAN Könüllülərinin “Hərəyə 1 kitab bölüşək” layihəsinin finalı

AKGT , ASANYOUTH

“ASAN Könüllüləri” Təşkilatı İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hərəyə bir kitab bölüşək” adlı layihəsinin final mərhələsi baş tutub. Ümumilikdə müraciət etmiş 346 nəfərdən 15 iştirakçı layihəyə seçilmiş və onlar arasından 4 nəfər final mərhələsinə keçmişdir. Layihə çərçivəsində iştirakçılar onlara verilmiş müxtəlif kitabların geniş auditoriya qarşısında təqdimatını həyata keçiriblər.
Münsiflər tərəfindən seçilən ən uğurlu təqdimatçı qiymətli hədiyyə və sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, münsiflər heyətində tanınmış jurnalist, blogger, səyahətçi Cənab Azər Qəribov, yazıçı, publisist xanım Rəna Yüzbaşı, ASAN Könüllüləri Təşkilatının sədri cənab Fərid Sadıxlı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Elçin Hüseynli iştirak ediblər.
1 ay davam etmiş layihədə seçilmiş iştirakçılara “Natiqlik”, “Təqdim etmə”, “Debat” “Kütlə qarşısında çıxış” mövzularında müxtəlif təlimlər keçirilmişdir.
Layihənin əsas məqsədi gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaq, gənclər arasında kitab oxumağı həyat tərzinə çevirməkdir.