4 saylı və Gəncə "ASAN Könüllüləri" mərkəzinə "Vəkil" seçkiləri

Seçki təlimatını  YÜKLƏ

İmza vərəqəsini  YÜKLƏ

 

“ASAN Könüllüləri” Təşkilatı yarandığı gündən öz fəaliyyət sahələrini şaxələndirərək daha geniş və böyük könüllü şəbəkəsini qurmuşdur və bunu uğurla davam etdirir. Başlıca baxışı vətənpərvərlik, bilik və fəaliyyətində kamilliyi ali dəyər tutan vətəndaşları formalaşdırmaqla cəmiyyətə töhfə vermək olan və 6000-dən çox könüllünü özündə biləşdirmiş “ASAN Könüllüləri” Təşkilatı Respublikanın fərqli regionlarında vahid şəbəkə altında fəaliyyət göstərir.

 

Könüllülərimizin liderlik, kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi, həmçinin təşkilatın fəaliyyətindəki rolunun artırılması məqsədi ilə “ASAN Könüllüləri” Təşkilatının mərkəzlərinin qurulması və vəkillik institutunun təsis olunması “ASAN Könüllüləri” Təşkilatının İdarə heyəti tərəfindən qərara alınmışdır. Vəkilləri olduğu müvafiq mərkəzlərdə “ASAN Könüllüləri” Təşkilatının fəaliyyətinin həyata keçirlməsinə cavabdehlik edir və müvafiq mərkəzin könüllüləri və onların maraqlarını “ASAN Könüllüləri” Təşkilatında təmsil edir.

 

Əsas prinsiplərindən biri də bərabərlik olan “ASAN Könüllüləri” Təşkilatı hər zaman olduğu kimi demokratik normaları ön planda tutmuş, mövcud vəzifəyə təyin olunmanı səsvermə yolu ilə müəyyənləşdirmişdir. Seçki prosedurunun başdan sonadək reallaşdırılması tam olaraq “ASAN Könüllüləri” Təşkilatının Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilir və aşağıdakı ümumi müəyyən olunmuş qayda və normalara əsasən aparılır.

 

 

 

 

Mərkəz vəkilliyi seçkilərinə aid təlimatlar

 

 

 

“ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyi Mərkəzi Seçki Komissiyası

Mərkəz vəkilliyi seçkilərin keçirilməsi

QAYDALARI

 

1. Ümumi müddəalar

1.1. “ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin (bundan sonra “ASAN Könüllüləri” Təşkilatının) Mərkəzlərinin qurulması məqsədi ilə aparılacaq seçki təbliğat-təşviqat kampaniyasına Mərkəzi Seçki Komissiyası (bundan sonra MSK) tərəfindən tam nəzarət olunur və MSK “ASAN Könüllüləri” Təşkilatı qarşısında tam məsuliyyət daşıyır.

1.2. Qaydalar “ASAN Könüllüləri” Təşkilatının Nizamnaməsini və “ASAN Könüllüləri” Təşkilatının digər təşkilati-sərəncamverici sənədlərini rəhbər tutur.

1.3. Tərtib olunmuş qaydalara uyğun olaraq MSK könüllülər tərəfindən namizədliyin irəli sürülməsinə, namizədlərdən tələb olunan keyfiyyətlərin uyğunluğunun yoxlanılmasına, seçki prosesinin tam şəkildə həyata keçirilməsinə və seçki nəticələrinin elan olunmasına tam nəzarət edir.

 

2. Namizədliyin irəli sürülməsinə dair tələblər

2.1. Namizəd elan olunmuş tarixədək öz namizədliyini irəli sürməlidir.

2.2. Namizəd seçkilərdə iştirak hüququnu qazanmaq üçün 2 aylıq könüllü fəaliyyətini uğurla başa vurmuş olmalıdır.

2.3. Namizədin təsdiqlənməsi üçün könüllü fəaliyyət göstərmiş olduğu mərkəzdəki könüllülər arasından ən azı 50 imza (ən azı 80% məzun könüllülərdən) yığmalıdır.

2.4. Yığılan imzalar yalnız namizədliyini irəli sürdüyü mərkəzdə fəaliyyət göstərən və ya göstərmiş könüllülərə məxsus olmalıdır.

2.5. Yığılan imzaların doğruluğuna diqqət yetirilməli və eyni bir imza 1-dən çox namizəddə aşkarlanacağı hallda həmin imza ləğv olunacaqdır.

2.6. Müəyyən olunmuş vaxtadək müraciətini tamamlamış və müraciətində heç bir qayda pozuntusuna rast gəlinməmiş namizədlər MSK tərəfindən 2-ci mərhələyə dəvət olunacaqdır.

2.7. 2-ci mərhələdə namizədliyini uğurla irəli sürmüş könüllülərin psixoloji, liderlik, kommunikasiya, o cümlədən digər şəxsi bacarıqlarının və dünyagörüşlərinin qiymətləndirilməsi üçün vahid tərtib olunmuş testlər keçiriləcəkdir.

2.8. Testlərdə uğurlu nəticə göstərmiş könüllülər tam hüquqlu namizəd kimi MSK tərəfindən təsdiqlənəcək və məlumat sessiyası üçün çağrılacaqdır.

2.9. Namizədliyi MSK tərəfindən təsdiqlənmiş könüllülərə seçki təbliğat-təşviqat kampaniyasının necə aparılması istiqamətində öyrədici təlimlər keçiriləcəkdir.

2.10. Namizədliyi MSK tərəfindən təsdiqlənmiş könüllülərə seçki proqramı barədə məlumat veriləcəkdir.

2.11. Seçki proqramına tam hazırlıq MSK üzvləri tərəfindən nəzarət olunacaq, seçki proqramının həyata keçirilməsinə, seçki qaydalarına və “ASAN Könüllüləri” Təşkilatının Nizamnaməsinə uyğun olmayan hər hansı bir hall baş verdikdə könüllünün namizədliyi dərhal ləğv olunacaq və seçki prosesindən uzaqlaşdırılacaqdır.

2.12. Seçki proqramına uyğun olaraq namizədlərin görüşləri, fəaliyyət planlarını elan etmələri və təbliğatlarını aparmaları üçün hər bir namizədə MSK tərəfindən bərabər şərait yaradılacaqdır.

2.13. Seçki prosesinin şəffaflığına MSK tərəfindən tam nəzarət olunacaq və seçki prosesi başa çatdıqdan sonrakı 48 saat ərzində MSK qalib gəlmiş könüllünü rəsmi şəkildə elan edəcəkdir.

 

3. Vəkilin fəaliyyətinə dair tələblər

3.1. Vəkil “ASAN Könüllüləri” Təşkilatının Mərkəzini təmsil etməklə, “ASAN Könüllüləri” Təşkilatı qarşısında tam məsuliyyət daşıyır və sədrə tabedir.

3.2. Seçki prosesində irəli sürdüyü fəaliyyət planına əsasən fəaliyyətini həyata keçirir.

3.3. Qalibiyyəti rəsmi açıqlandıqdan sonrakı 3 iş günü ərzində 3 nəfərdən təşkil olunmuş daimi komandasını təsdiqlənməsi üçün MSK-ya təqdim etməlidir.

3.4. Fəaliyyətini “ASAN Könüllüləri” Təşkilatının mövcud strateji planına və təşkilati-sərəncamverici sənədlərinə uyğun həyata keçirilməlidir.

3.5. Fəaliyyətində baş verəcək hər hansı bir nöqsana görə “ASAN Könüllüləri” Təşkilatı qarşısında tam məsuliyyət daşıyır.

3.6. Fəaliyyətində baş verəcək “ASAN Könüllüləri” Təşkilatının və ölkəmizin hər hansı bir dəyər və qanunvericiliyinə əks bir hadisədə qanuna uyğun şəkildə cəzalandırılacaqdır.

 

 

 

4. Nəzarət-Təftiş Komitəsinin yaradılması

4.1. Seçki nəticələrinin MSK tərəfindən təsdiqlənməsindən dərhal sonra Nəzarət-Təftiş Komitəsi (bundan sonra NTK) yaradılacaqdır.

4.2. NTK seçkidə namizədliyi MSK tərəfindən tam təsdiqlənmiş, seçkidə iştirak etmiş və qalib gəlməmiş şəxslərdən yaradılacaqdır.

4.3. NTK seçkidə qalib gəlmiş şəxsə müstəqil nəzarəti həyata keçirərək “ASAN Könüllüləri” Təşkilatı qarşısında məsuliyyət daşıyır.

4.4. Ümumi nəzarət prosesində aşkarlanan nöqsanlarla bağlı “ASAN Könüllüləri” Təşkilatına dərhal məlumat verilməsi NTK-dan tələb olunur.

4.5. Aşkarlanmış nöqsanlara uyğun olaraq baş verə biləcək vəzifədən azad olunma hallarında “ASAN Könüllüləri” Təşkilatı ümumi nizamlanmanı həyata keçirir.

4.6. NTK üzvlərinin hər biri “ASAN Könüllüləri” Təşkilatı qarşısında məsuliyyət daşıyır və üzvlərin istənilən biri tərəfindən baş verəcək təşkilati-sərəncamverici sənədlərinə və ölkə qanunvericiliyinə zidd hallda həmin üzv “ASAN Könüllüləri” Təşkilatı tərəfindən cəzalandırılacaq və tələb olunduğu halda digər tədbirlər həyata keçiriləcəkdir.

 

 

 

 

4 saylı “ASAN Könüllüləri” Mərkəzinin ümumi seçki proqramı

 

 

14.03.2016 – 17.03.2016 saat 19:00-dək: “ASAN Könüllüləri” Mərkəzində 2 aylıq könüllü fəaliyyətini başa vurmuş Könüllülər tələb olunan qaydalara uyğun olaraq topladığı 50 imza ilə namizədliyini irəli sürməlidir.

 

19.03.2016: Namizədliyi yoxlanılmış və ilkin tələblərə cavab verən könüllülər MSK tərəfindən namizədliyinin təsdiqlənməsi üçün test proqramından keçməlidir.

 

20.03.2016: Testdən uğurla keçən könüllülər MSK tərəfindən namizədliklərin təsdiqlənməsi və məlumat sesssiyası üçün görüşə dəvət olunacaqdır.

 

22.03.2016: Namizədlər arasında hər kəsə açıq debat-görüş təşkil olunacaqdır.

 

24.03.2016: Namizədlər könüllülərə son müraciətlərini etməlidirlər.

 

25.03.2016: MSK tərəfindən seçki təşkil olunacaqdır.

 

26.01.2016 – 28.01.2016: Qalibin açıqlanması

 

 

 

 

Gəncə “ASAN Könüllüləri” Mərkəzinin ümumi seçki proqramı

 

 

  14.03.2016 – 17.03.2016 saat 19:00-dək: “ASAN Könüllüləri” Mərkəzində 2 aylıq könüllü fəaliyyətini başa           vurmuş Könüllülər tələb olunan qaydalara uyğun olaraq topladığı 50 imza ilə namizədliyini irəli sürməlidir.

 

23-24.03.2016: Namizədliyi yoxlanılmış və ilkin tələblərə cavab verən könüllülərin MSK tərəfindən namizədliyinin təsdiqlənməsi, test proqramına cəlb olunmaları və testdən uğurlar keçən namizədlərin MSK tərəfindən namizədliklərinin təsdiqlənməsi üçün məlumat sessiyası xarakterli görüşə dəvət olunmaları həyata keçirilir.

 

26.03.2016: Namizədlər arasında hər kəsə açıq debat-görüş təşkil olunacaqdır.

 

27.01.2016: MSK tərəfindən seçki təşkil olunacaqdır.

 

28.03.2016 – 30.03.2016: Qalibin açıqlanması