“Multikulturalizm” qısa metrajlı film festivalının qalibləri bəlli oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO mərkəzi, "ASAN Könüllüləri" Təşkilatı, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və Nizami Kino Mərkəzinin  birgə təşkilatçılığı ilə keçirilən “Multikultralizm” qısa metrajlı film festivalının qalibləri bəlli olub.

Festivala təqdim olunmuş 10 film münsiflər tərəfindən qiymətləndirilib və 3 ən yaxşı filmin müəllifləri mükafatlandırılıb. Günel Sayılovanın “Xınalıq Nağılı” filmi 2-ci, Elmin Şirinovun “Gizli Bayram Pasxa” filmi  3-cü yerə layiq görülüb.  Murad Muradovun müəllifi olduğu  “Hər adət bir tarixdir” filmi isə festivalın ən yaxşısı seçilib.

Gənc rejissorlar tərəfindən çəkilmiş bu filmlərdə Azərbaycanda multikultralizm ənənələrinin dərin köklərə malik olması, əsrlər boyu  müxtəlif xalqların burada dostluq və əmin-amanlıq şəraitində yaşaması eyni zamanda multikulturalizmin  bütün dövrlərdə xalqımızın yaşam tərzi olduğu əks olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası YUNESKO mərkəzinin könüllüsü Elvin Hüseynovun layihə rəhbəri olduğu  festivalın əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm ölkəsi kimi tanıtmaq və mövcud multikultural prosesləri və vəziyyəti əks etdirən, tədqiq və təşviqi üçün qısa metrajlı filmlərin hazırlanmasını təmin etməkdir.